Socar Petroleum

Yüklənir

“SOCAR PETROLEUM” QSC neft məhsullarının alqı-satqısının təşkil edilməsi və çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə 15.09.2008-ci ildə təsis edilib və “SOCAR” brendi ilə kommersiya fəaliyyətinə başlayıb. Şirkətin ilk yanacaqdoldurma stansiyası (YDS) 2010-cu ilin mayın 7-də açılıb. Hazırda ölkəmizdə sayı günbəgün artan YDS-lərin 53-ü “SOCAR PETROLEUM”un payına düşür. Şirkətin 1 Sıxılmış Təbii Qaz Terminalı və 12 neft bazası sahəsi var. Yanacaqdoldurma stansiyaları əsasən Bakı, Abşeron və digər rayonların ərazisində yerləşir. Həmçinin şirkətin 2021-ci ildə etibarən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da YDS-ləri istifadəyə verilib. Hazırda Şuşa, Laçın və Ağdam şəhərlərində, Qubadlı (Eyvazlı kəndi), Cəbrayıl (Şükürbəyli kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 6-ya çatıb. Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma stansiyaları müştərilərə 7/24 xidmət göstərir.

Stansiyalarda “Aİ-92”, “Aİ-95”-Premium, “Aİ-98” – Super və Dizel markalı yanacaq məhsullarının satışı həyata keçirilir. YDS-də satılan və yerli istehsal olan “Aİ-92” – “AVRO-3”, dizel yanacağı “AVRO-4” ekoloji standartlarına, idxal olunan “SUPER” və “Premium” markalı yanacaq isə “AVRO-5” ekoloji standartına uyğundur. “SOCAR PETROLEUM” müştərilərinə daha əlverişli xidmətlərin göstərilməsi məqsədilə “AVRO-5” ekoloji standartına cavab verən “SUPER” markalı yanacağın satış dairəsini genişləndirir. Xüsusilə qeyd edək ki, Azərbaycanda “SUPER” yanacağının satışı yalnız “SOCAR” brendi ilə fəaliyyət göstərən YDS-də həyata keçirilir.

SOCAR-a məxsus YDS-lərdə satışı həyata keçirilən yanacağın 92%-i yerli istehsal, 8%-i isə idxal hesabına əldə olunur. Beləki satılan “A-92” və dizel yanacağı Heydər Əliyev adına Neft Emalı Zavodundan (NEZ) alınır, “SUPER” və “Premium” markalı yanacaq isə idxal olunur. Zavodda aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində, hazırda xaricdən idxal olunan “Premium” markalı yanacağın yaxın gələcəkdə zavodda istehsalı nəzərdə tutulub.

“SOCAR PETROLEUM”a məxsus YDS-lərdəki bütün yanacaq növləri hər ay Metrologiya İnstitutu tərəfindən yoxlanılır və nəticə göstəriciləri ilə bağlı sınaq protokolu təqdim edilir. Yanacaq növlərinin keyfiyyətinə mütəmadi olaraq, səlahiyyətli dövlət qurumları tərəfindən aparılan laboratoriya sınaqları vasitəsilə nəzarət olunur. Bundan başqa, YDS-lər yeraltı əmtəə çənləri, təsdiq olunmuş qrafikə uyğun olaraq, ildə iki dəfə xüsusi qurğular vasitəsilə təmizlənir və bununla bağlı aktlar tərtib olunaraq saxlanılır.